“Danışaraq ingilis dilini mükəmməlləşdir” layihəsi çərçivəsində şagirdlərlə tanışlıq mərhələsi uğurla keçirilib.
Görüş zamanı iştirakçılar xarici dil daşıyıcısı, Keniya vətəndaşı Hon Peter Malale ilə birbaşa ünsiyyət qurublar. Tədbir interaktiv formatda təşkil olunub, şagirdlər ingilis dilində özlərini təqdim edib, maraq dairələri və gələcək hədəfləri barədə qısa çıxışlar ediblər. Bununla onlar layihə çərçivəsində ilk praktik danışıq təcrübələrini əldə edərək real ünsiyyət mühitində dil bacarıqlarını sınamaq imkanı qazanıblar.
Tanışlıq mərhələsinin əsas məqsədi şagirdlərdə dil baryerinin aradan qaldırılması, özünəinamın formalaşdırılması və ingilis dilində sərbəst ünsiyyətə təşviq olub. Canlı dialoq və sual-cavab mühiti iştirakçıların dinləmə və ani reaksiya bacarıqlarının inkişafı üçün ilkin zəmin yaradıb.
Qeyd edək ki, layihə Zəngilan şəhər 33 nömrəli məktəbin müəllimi Günay Əkbərova tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərin ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək, onları real ünsiyyət mühitinə inteqrasiya etmək və beynəlxalq təhsil və əmək imkanlarına hazırlıq səviyyələrini artırmaqdır.

