IX qrant müsabiqəsinin qalibi olan “Bakı MUN 2025 – Gənc diplomatlar konfransı” layihəsinin təlim mərhələsinə başlanılıb. Layihə çərçivəsində 9–10-cu siniflər üzrə seçilmiş 60 nəfər şagirdin iştirakı ilə Model Birləşmiş Millətlər (MUN) formatında nəzəri və praktiki təlimlər həyata keçirilir.
Təlim mərhələsində iştirakçılara MUN formatı, debat qaydaları və diplomatik müzakirə texnikaları barədə ətraflı məlumat verilir. Şagirdlərin ictimai nitq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yazılı və şifahi çıxışlar üzərində işlənilir, arqumentlərin qurulması və əsaslandırılması üzrə praktiki tapşırıqlar icra olunur.
Eyni zamanda seçilmiş mövzular üzrə tədqiqat aparılması təşviq edilir, iştirakçıların tənqidi və analitik düşüncə bacarıqlarının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Müxtəlif ölkələrin mövqelərinin araşdırılması vasitəsilə şagirdlərdə mədəniyyətlərarası dialoq və multikultural baxış formalaşdırılır.
Qeyd edək ki, layihənin rəhbəri 64 nömrəli tam orta məktəbin direktoru Səidə Rəhimovadır. Layihənin əsas məqsədi şagirdlərin beynəlxalq münasibətlər və diplomatiya sahəsində biliklərini artırmaq, tənqidi düşüncə, liderlik və ictimai nitq bacarıqlarını inkişaf etdirməkdir.

