Lənkəran Regional Elmi Mərkəzində dünyaşöhrətli mütəxəssislərlə görüş keçirilib.
Cənub Press xəbər verir ki, mərkəzin direktor vəzifəsini icra edən tar.ü.f.d. Cəmil Quliyev alman və türk qonağı iştirakçılara təqdim edib. Tanışlıqdan sonra alimlərin təqdimat mövzularının elmi baxımdan dünya arxeologiyası üçün ciddi diqqət mərkəzində olmasını qeyd edən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı tar.ü.f.d. Anar Ağalarov Azərbaycanın gənc arxeoloqlarının əcnəbi həmkarları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Almaniyanın Marburq Filipp Universitetində (Philipps-Universitet Marburg) Klassik arxeologiya üzrə kafedra müdiri, Sualtı Arxeologiyasının Təşviqi üzrə Alman Cəmiyyətinin Prezidenti professor Winfried Held “Sualtı mədəni irsin qorunması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda sualtı mədəni irsin qorunması, dəniz dibindəki tarixi və arxeoloji sərvətlərin (gəmi qalıqları, batmış şəhərlər) mühafizəsini, tədqiqini və gələcək nəsillərə ötürülməsini vurğulayıb. Azərbaycan bu sahədə UNESCO prinsiplərinə uyğun hüquqi çərçivələr və Nazirlər Kabinetinin qərarları ilə ciddi dövlət nəzarətini təmin edir.
Münhen Universitetinin (Almaniya) doktoru, ADMİU-nun professoru, Klassik arxeologiya və incəsənət tarixi üzrə ekspert professor Latife Sumerer “Atropatenada dəfn abidələri vasitəsilə kimliklərin izlənməsi” mövzusunda təqdimatı müxtəlif materiallardan düzəldilmiş antropomorf fiqurların təyinatı barədə elmdə mövcud fikirlərdən bəhs edirdi. Təqdimatda dövrlərə, regionlara, müxtəlif parametrlərə görə aparılmış təsnifatlar barədə məlumat verildi. Atropatena dövrü Azərbaycanın cənub torpaqlarında mövcud olmuş qədim dövlətin maddi mədəniyyəti, o cümlədən dəfn abidələri zənginliyi və müxtəlifliyi ilə seçilir. Aparılan arxeoloji tədqiqatlar, ərazilərdəki tapıntılar həmin dövrün dəfn adətləri haqqında geniş məlumat verir.
Türk və ingilis dilində aparılan təqdimatlar alimlər və tələbələr tərəfindən böyük maraqla qarşılandı. Mühazirəçilər auditoriyanın suallarını cavablandırdılar və mövzular üzrə fikir mübadiləsi aparıldı.
İlkin Adıyev
