
Vətən uğrunda minlərlə igid oğullarımız misilsiz qəhrəmanlıq göstərdi. Onların fədakarlığı sayəsində işğal altındakı torpaqlarımız azad edildi. Azərbaycan əsgərinin iradəsi və cəsarəti qarşısında düşmən dayana bilməyərək silahlarını atıb geri çəkildi.
Cənub Press xəbər verir ki, düşmənin canına qorxu salan igidlərimizdən biri də riyaziyyat müəllimi Aqil Nəzərovdur. Aqil müəllimin keçdiyi şərəfli döyüş yoluna nəzər yetirdikdə onun nə qədər mərd, qorxmaz və cəsur bir döyüşçü olduğunu bir daha görmək mümkündür.
Nəzərov Aqil Mirzəbala oğlu 1978-ci il dekabrın 26-da Cəlilabad şəhərində dünyaya gəlib. 2000-ci ildə o, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini uğurla bitirib. Eyni ildə leytenant rütbəsini alaraq Murovdağdakı hərbi hissədə xidmətə başlayıb. Hazırda Aqil Nəzərov Cəlilabad rayonunun Komanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.
44 günlük müharibə başlayan kimi dərhal döyüşə yollanan və Füzulidən Şuşaya qədər şərəfli bir döyüş yolu keçən Aqil Nəzərov həmin günləri belə xatırlayır: “2020-ci il sentyabrın 27-də əks-hücum əmri verilən kimi Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərə qoşuldum. Döyüşlər çox çətin və amansız idi, torpaqları işğaldan azad etdikcə döyüş ruhumuz daha da yüksəlirdi. Dövlətimizə olan inamımız bizi gücləndirirdi – bilirdik ki, qalib gələcəyik. Bu dərin inam düşmən üzərində Zəfər qazanmağımıza yardım etdi. Müharibənin öz qaydaları olsa da, məqsədimiz bir idi: düşməni məhv edib zəfər çalmaq”.
Aqil müəllim vurğulayır ki, döyüş meydanında həm əsgər, həm də zabitlərimizin göstərdiyi igidlik bütün dünyaya nümunə oldu. Ölümün üzünə dik baxmaq və şəhidlik onlar üçün ən uca şərəf sayılırdı: “Döyüşlərdə təəssüf ki, şəhidlər verdik. Buna baxmayaraq, onların qisası alındı və torpaqlarımız azad edildi. Birinci Qarabağ müharibəsində qardaşım Rövşən Nəzərov igidliklə şəhid olmuşdu. Məzarı qarşısında onun qisasını alacağıma söz vermişdim. Şükür Allaha, Vətən müharibəsində iştirak edərək bütün şəhidlərimizin, o cümlədən qardaşımın intiqamını aldıq”, – deyə Vətən müharibəsinin iştirakçısı bildirib.
Qeyd edək ki, Aqil Nəzərov Vətən müharibəsindəki göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Nərmin Əliyeva, Cənub Press