Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində Masallı rayonu Dəmirçi kənd tam orta məktəbində həyata keçirilən “Söz Gücü: Debat Klubu” layihəsi üzrə debat çempionatı təşkil olunub.
Çempionat üç mərhələdən ibarət olub. İlkin mərhələdə komandalar debat formatına uyğun çıxış edərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Qiymətləndirmə nəticələrinə əsasən ən yüksək nəticə göstərən komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Yarımfinal qarşılaşmalarında debatların məzmun və keyfiyyət göstəriciləri daha da yüksələrək iştirakçıların analitik düşünmə və arqumentasiya bacarıqlarını ortaya qoyub. Final mərhələsində isə ən güclü iki komanda çempionluq uğrunda mübarizə aparıb.
Debatlar zamanı iştirakçıların çıxışları müxtəlif meyarlar əsasında qiymətləndirilib. Arqumentlərin məntiqi əsaslandırılması, faktlardan səmərəli istifadə, qarşı tərəfin mövqeyini təkzib etmə bacarığı, natiqlik mədəniyyəti, təqdimat bacarıqları, debat strategiyası və komanda işi əsas qiymətləndirmə göstəriciləri kimi nəzərə alınıb. Şagirdlər debatlar zamanı yüksək fəallıq nümayiş etdirərək məntiqli mühakimələri, sərbəst çıxış bacarıqları və komanda ruhu ilə seçiliblər.
Qeyd edək ki, “Söz Gücü: Debat Klubu” layihəsi Masallı rayonu Dəmirçi kənd tam orta məktəbində İmanbəyli İradə Loğman qızı tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin ünsiyyət, özünüifadə və natiqlik bacarıqlarını inkişaf etdirmək, onların məntiqi, analitik və tənqidi düşünmə qabiliyyətlərini gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində təşkil olunan fəaliyyətlər şagirdlərin ictimai fəallığının artırılmasına və müasir kommunikasiya bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verir.

