Salyan və Neftçala rayonlarında Kür çayı daşa bilərmi? FOTO

Son günlər yağan intensiv yağışlar Azərbaycanın ən böyük çayı olan Kür çayının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində suyun səviyyəsini artırıb. Lakin çayda hər hansı narahatçılığa səbəb olacaq sel və daşqın ehtimalı yoxdur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətov bildirib.

Onun sözlərinə görə, hazırda Kür çayı ilə bağlı hər hansı kritik vəziyyət müşahidə edilmir: “Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində suyun səviyyəsində artım qeydə alınıb. May ayının 16-dan 23-nə kimi suyun səviyyəsi 2,5 metrə qədər artıb. Amma bir neçə gündür havaların sabit keçməsi çayda suyun 48 santimetr azalmasına səbəb olub. Hazırda Kür çayında suyun səviyyəsi stabilləşib. Burada suyun səviyyəsi elə həddə deyil ki, hər hansı bir daşqın və ya sel basma hadisəsi baş versin. Qabaqlayıcı tədbir kimi Kür çayının sağ və sol sahillərində 131 kilometr uzunluğunda sahil mühafizə bəndləri vurulub. Bu da Kür sahili kəndlərin daşqından qorunmasında mühüm rol oynayır”.

Mütəxəssis bildirib ki, Azərbaycanın ən böyük çayı olan Kürdə sululuğun artması çayın quruması kimi ekoloji fəlakətin demək olar, qarşısını alıb.

“Bildiyimiz kimi, ötən illərdə Kürdə suyun səviyyəsi çox aşağı həddə düşmüşdü. Bu da bir çox problemlərə səbəb olmuşdu. Hazırda Kür çayında suyun səviyyəsinin artması ətraf rayonların əkin sahələrinin suvarılmasında yaranan problemləri aradan qaldırıb. Çayda suyun kifayət qədər olması əhalinin içməli suya tələbatının ödənilməsi və əkin sahələrinin suvarılması üçün əlverişli şərait yaradıb”, – deyə o əlavə edib.

Qeyd edək ki, bir neçə il bundan qabaq Kür çayında suyun azalması Kürətrafı kəndlərdə ciddi su qıtlığı ilə nəticələnmişdi. Kürün suyunun azalması səbəbindən sakinlər həm içməli su, həm də əkin sahələrinə suyun verilməsində ciddi problemlə üzləşmişdilər.

Yuxarı